
Rəhimli Kamil Vəli oğlu
Rəhimli Kamil Vəli oğlu 1993-cü il aprelin 19-da Bakı şəhərində anadan olmuşdur. Həzi Aslanov adına 175 saylı orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşdur. Azərbaycan Ordusunun baş leytenantı olan Kamil Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kamil Rəhimli sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub və “II Şəhidlər xiyabanı”nda dəfn olunub. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə, döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Kamil Rəhimli ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, həmçinin, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.