VƏTƏNDAŞLARLA GÖRÜŞ

Rzayev Vüsal Tofiq oğlu

Rzayev Vüsal Tofiq oğlu 14 aprel 1996-cı ildə Şabran rayonunda anadan olmuşdur. 2003-cü ildə Bakı şəhəri Xətai rayonunda yerləşən 5 nömrəli Humanitar fənlər liseyində 1-ci sinfə getmişdir. 2015-ci ildə həmin liseyi bitirmiş və həmin ilin iyul ayının 3-də həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Murovdağ silsiləsindəki Murov zirvəsində baş atıcı kimi keçmişdir. 2016-cı ildə Aprel döyüşlərində də iştirak etmişdir. Aprel döyüşləri zamanı fəal döyüş qabiliyyətini göstərdiyinə görə xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən təşəkkürnamə alaraq hərbi xidmətini fərqlənmə ilə başa vurmuşdur. 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndinə döyüşə yola düşmüşdür. Vətən müharibəsinin ilk günlərində müxtəlif döyüş tapşırıqlarını yerinə yetirərək bir neçə məntəqənin alınmasında iştirak etmişdir. Vüsal Rzayev Füzuli istiqamətində gedən döyüşlərdə oktyabrın 8-də mühasirəyə düşmüş, 3 gün mühasirədə qalmış və oktyabrın 11-də mühasirədən çıxmışdır. Oktyabrın 14-ü Aşağı Seyidəhmədli istiqamətində döyüşə qatılmış və həmin döyüşdə itkin düşmüşdür. 50 gündən çox müddətdə itkin kimi axtarışa verilmişdir. 9 dekabrda Vüsalın şəhid olduğu barədə məlumat ailəsinə verilmişdir. Şəhid Vüsal Rzayev Suraxanı rayonu “Dədə Qorqud” məzarlığında dəfn edilmişdir. 12 avqust 2021-ci ildə Xətai rayonunda Şəhid Vüsal Rzayevin adına xatirə bulağının açılışı olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Rzayev Vüsal ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.