VƏTƏNDAŞLARLA GÖRÜŞ

Rzazadə Həsən Vüqar oğlu

Rzazadə Həsən Vüqar oğlu 1994-cü il iyunun 15-də Bakıda hərbçi ailəsində anadan olub. 2001-ci ildə Qusar rayonunun Yuxarı Zeyxur kənd orta məktəbində təhsil almağa başlayıb, 2011-ci ildə həmin məktəbi bitirib. 2011- 2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2015-ci ildə leytenant rütbəsi ilə Təlim Tədris Mərkəzində təhsilini davam etdirib. 2018-ci ildə baş leytenant rütbəsi alıb. 2019-cu ilin yanvar ayından etibarən Əfqanıstanda beynəlxalq sülhməramlı taborda xidmət göstərib. Tabor Kabulda beynəlxalq aeroportu mühafizə edib. Həsən Rzazadə “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı ilə təltif edilib. Azərbaycan Ordusunun baş leytenantı olan Həsən Rzazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 1-də Laçın döyüşləri zamanı şəhid olub. Şəhid Həsən Rzazadə “II Fəxri xiyaban”da torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həsən Rzazadə ölümündən sonra “Qarabağ’’ ordeni” , “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” , “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.